Musiqili Teatrda Əməkdar Artistin yubileyi qeyd olunub
2.3.2017

Azərbaycan Dövlət Musiqili Teatrında Əməkdar Artist Novruz Qartalın 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirdə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev Novruz Qartalın həyat və yaradıcılığından söz açıb. “Novruz Qartalın ən gözəl xüsusiyyətlərindən biri onun səmimiyyətidir. Peşəsinə, yaradıcılığına, ətrafına, insanlara qarşı olan bu cəhəti onun xarakterinin fərqliliyinin bariz nümunəsidir. Ömrünün böyük hissəsini səhnədə keçirmək, tamaşaçıların sevgisini qazanmaq hər bir sənətçinin xoşbəxtliyidir. Bu gün 70 yaşını qeyd etdiyimiz Novruz Qartal belə xoşbəxt insanlardan biridir”, - deyə Əliqismət Lalayev söyləyib.

Mədəniyyət və Turizm Nazirliyi adından nazir müavini Ədalət Vəliyev Novruz Qartalı təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı yubilyara təqdim olunub. Novruz Qartalın sənət dostları - Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Əkbər Əlizadə, Şövqi Hüseynov, Dövlət Musiqili Teatrının direktor müavini, Əməkdar Mədəniyyət İşçisi Elxan Ocaqov, Təbriz Teatrının rəhbəri Babək Nəhreyn və başqaları onun yaradıcılığından söz açıblar.

Qeyd edilib ki, Novruz Qartal 1972-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi tanınan Novruz Qartal Azərbaycan, eləcə də xarici dramaturqların əsərlərində onlarla yaddaqalan obrazlar yaradıb. Buna misal olaraq “Toy kimindir” tamaşasında Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, “Sevindik qız axtarır”da Tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç, "92 dəqiqə gülüş”də Xəstə, “On min dollarlıq keyf”də Dayıoğlu, “Hərənin öz ulduzu”nda Kələntər, “Dəli dünya”da Tın-tın Əsəd, “O olmasın, bu olsun”da Məşədi Qəzənfər, “Bankir adaxlı”da Dilənçilər padşahı, “Əlin cibində olsun”da Dilənçi, “Məhəbbət oyunu”nda Daşdəmirov, “Volqalı canan”da Müqəddəsov, “Aldın payını, çağır dayını”da Əhmədi Biqəm, “Şeytanın yubileyi”ndə Şivan və digər rollarını qeyd etmək olar.

Tədbirdə Əməkdar artistlər Almaz Ələsgərli və Nərgiz Kərimovanın ifaları tədbirə xüsusi rəng qatıb. Novruz Qartalın iştirakı ilə Musiqili Teatrın repertuarında olan müxtəlif tamaşalardan səhnəciklər nümayiş olunub.

azertag.az