Martın 1-də Azərbaycan Bəstəkarlar İttifaqında “Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə ittifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə konfransın mövzusunun aktuallığından danışıb. Uşaq musiqisinin problemlərinə toxunan F.Əlizadə bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Görülən işlərin uşaqların estetik tərbiyəsinə, habelə professional musiqiçi kimi yetişmələrinə kömək edəcəyini bildirən bəstəkar, uşaq musiqi əsərlərinin yazılmasına, təbliğinə xüsusi diqqət ayırmağın vacibliyini vurğulayıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi İmruz Əfəndiyeva “Müasir dövrdə uşaq musiqisinin problemləri” mövzusunda məruzə ilə çıxış edib.
Elmi-praktik konfransda “Uşaq ədəbiyyatının problemləri”, “Əşrəf Abbasovun “Qaraca qız” baletinin yeni quruluşu haqqında” və “Azərbaycan Televiziyası və Radiosunun “Bənövşə” uşaq xoru haqqında” məruzələr dinlənilib. Tədbir C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin “Cırtdan” uşaq xoru və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında konsert proqramı ilə davam edib.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
azertag.az