ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica Bakıya səfər edib. Səfəri çərçivəsində qonaq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olub.
Mərkəzin mətbuat xidmətindən bildirilib ki, Ogie Kuraica RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb. Görüşdə iki ölkənin seysmoloji təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
"Kinemetriks" şirkətinin RSXM-lə yaxından əməkdaşlıq etdiyini bildirən O.Kuraica amerikalı seysmoloqların azərbaycanlı həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsi aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Mərkəzin baş direktoru Q.Yetirmişli isə "Kinemetriks"lə əməkdaşlığın genişlənməsinin RSXM üçün vacib olduğunu qeyd edib.
Görüşdə AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzində qeydə alınan zəlzələlərin ən müasir tətbiqi proqramlar vasitəsilə emal edildiyi də qonağın diqqətinə çatdırılıb. Həmçinin gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr də aparılıb.
azertag.az