Milli İncəsənət Muzeyində “Qadın xoşbəxtliyi” adlı fərdi yaradıcılıq sərgisi keçiriləcək
2.3.2017

Martın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində Moskvada yaşayan həmyerlimiz, Rusiya Federasiyasının Əməkdar Rəssamı Əsgər Məmmədovun “Qadın xoşbəxtliyi” adlı fərdi yaradıcılıq sərgisi açılacaq.

Muzeydən bildirilib ki, mart 10-dək davam edəcək sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlər nümayiş olunacaq.

Qeyd edək ki, 1945-ci ildə Azərbaycanın Ağdam rayonunun Mərzili kəndində dünyaya göz açan rəssam Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1971-76-cı illərdə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutu üzrə rejissorluq fakültəsində təhsil alıb və cizgi filmləri üzrə rejissorluq sənətinə yiyələnib.

1976-90-cı illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb, 15-ə qədər sənədli, bədii və cizgi filminə quruluş verib. SSRİ Kinematoqrafiya Birliyinin üzvü seçilib.

Gənc yaşlarından rəssamlıq fəaliyyəti ilə məşğul olan Ə.Məmmədov Ağdam rayonunun Mərzili kəndində şəxsi qalereyasını yaradıb, lakin 1993-cü ildə kəndin separatçı erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində 200-ə qədər rəsm əsəri orada erməni vandalları tərəfindən yandırılaraq məhv edilib.

Sonradan Moskvada yenidən fəaliyyətə başlayan rəssamın dəfələrlə müxtəlif ölkələrdə fərdi yaradıcılıq sərgiləri açılıb.

Əsgər Məmmədovun yaradıcılığında sülh, dostluq və sevgi motivləri əsas yer tutur. Onun boyakarlıq sənətində portretlər, natürmortlar, mənzərələr və qrafik üslubda işlənmiş rəsmləri var. Müasir dünyanın aparıcı rəssamlıq məktəblərindən biri olan Rusiya akademik rəsm məktəbinin yetirməsidir. Azərbaycan folklorunun, çoxəsrlik miniatür sənətinin, al-əlvan xalçalarının və bənzərsiz təbiətinin təsiri onun yaradıcılıq üslubunda hiss olunur. Rəssamın bir çox əsərləri poeziyanın fəlsəfəsi ilə fəlsəfənin poeziyasının harmoniyasından yaranıb. Qarabağda doğulan rəssamın tar, saz, tütək kimi milli musiqi alətlərində ifaçılıq bacarığı da var. O, poeziyanın və musiqinin vurğunudur. Rəssamlıq sənətinin portret, mənzərə və natürmort janrlarına yeniliklər gətirməyə səy göstərən Əsgər Məmmədovun ustalığı əsərlərində aşkar şəkildə görünür.

azertag.az