Şagirdlər "artıq yük"dən azad olacaq - RƏSMİ
2.3.2017

Təhsil Nazirliyi qəbul olunması məqsədilə "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsini hazırlayıb.

Bu barədə nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov məlumat verib.

Layihənin təsdiqlənməsi üçün hökumətə təqdim ediləcəyini deyən A.Əhmədovun sözlərinə görə, mövcud standartlardan fərqli olaraq, yeni standartlar “artıq yük”lərdən azad edilib:

“İndi proqramların ağırlığından şikayət edirlər. Haradasa haqlı, haradasa ədalətsiz cəhətlər də var. Amma deyilən hər bir məsələni nəzərə almaq lazımdır. Biz də mövcud standartlara ciddi şəkildə yenidən baxdıq və müəyyən mənada korreksiya etdik, onları artıq yükdən azad etdik. Proqram yazılışında ən vacib məsələ odur ki, uşağa lazımi məlumatları verəsən, lazım olmayan məsələləri oraya daxil etməyəsən. "Lazım olmayan məsələ" o demək deyil ki, o, ümumiyyətlə uşağa lazım deyil. Sadəcə olaraq, həmin mərhələdə lazım deyil. Çalışmaq lazımdır ki, uşaq əlavə məsələləri özü öyrənə bilsin”.

Təhsil proqramlarının düşüncə, təfəkkür üzərində qurulmasını olduqca vacib sayan A.Əhmədov əlavə edib ki, artıq yeni standartlar əsasında kurrikulumun hazırlanmasına başlanılıb.

Qeyd edək ki, mövcud “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları” Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli qərarı ilə təsdiq edilib.

trend.az