Bu il Zaqatala rayonunda 700 hektara yaxın sahədə tütün əkilməsi nəzərdə tutulur. “İnter-Tobacco” MMC-nin rayonun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında martın əvvəlindən tütün şitillərinin yetişdirilməsinə başlanılıb.
Tütün şitillərinin yetişdirilməsi üçün məntəqənin ərazisində 4 ədəd ABŞ istehsalı və 3 ədəd ölkəmizdə istehsal olunan istixana quraşdırılıb. Tutumundan asılı olaraq, bu istixanaların hər birində 625 mindən 800 minədək “Virciniya” növlü ətirli tütün şitili yetişdirmək mümkündür.
Məntəqənin aqronom-texnoloqu Nazim Hüşənovun dediyinə görə, tütün şitili üçün toxum ABŞ-dan gətirilib. Toxum əvvəlcə xüsusi aparat vasitəsilə plastik qabların içərisinə yerləşdirilir. Hər bir qabın içərisinə 288 ədəd toxum qoyulur. Sonra bu qablar istixananın içərisindəki su hövzəsinə buraxılır. Su hövzələrinə əvvəlcədən tələb olunan gübrə və dərmanlar tökülür. Böyük istixanaların hər birinə 3 min ədəd qab qoymaq mümkündür. Tütün şitili 40-45 gün ərzində yetişir və sahəyə köçürülmək üçün hazır vəziyyətə gəlir. Aprelin ortalarında tütün şitilləri sahələrə köçürülmək üçün fermerlərə çatdırılacaq.
Məntəqədən bildiriblər ki, bundan əlavə, cəmiyyət tərəfindən açıq istixanalar üçün 12 kiloqram “Virciniya” növlü ətirli tütün toxumu gətirilib və hazırda Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Yardımlı rayonlarının fermerlərinə paylanılır. Tütün şitilinin yetişdirilməsi və əkini ilə bağlı indiyədək bu rayonlarda 163 nəfər fermerlə müqavilə bağlanılıb və bu iş davam etdirilir.
azertag.az