Hazırda göz problemləri arasında miopiya (görmə zəifliyi) daha çox rast gəlinən xəstəliklər sırasındadır. Bunun da əsas səbəblərindən biri müasir dövrdə demək olar ki, hər bir kəsin mobil telefon, kompüter və ya planşetlər arxasında çox zaman keçirməsidir. Belə hallar göz gərginliyinə səbəb olur ki, bunun da nəticəsi olaraq çox zaman gözdə zəiflik əmələ gələ bilər.
Bu sözləri Respublika Müalicəvi Diaqnostika Mərkəzinin göz cərrahı Eloğlu Məmmədov bildirib.
-Eynəkdən azad olmaq mümkündürmü? Bunun hansı yolları var?
-Miopiyadan əziyyət çəkən pasiyentlərin verdiyi suallar da əsasən eynəkdən azad olmaqla bağlı olur. Buna bir neçə üsulla nail olmaq mümkündür. Dünyada bu sahədə ən çox həyata keçirilən refraktiv əməliyyatları PRK və LASIK-dir. Bu üsullarla mənfi 10 qədər olan eynəkləri tam sıfra endirmək mümkündür. Bu istiqamətdə ən müasir növ əməliyyat “Smayl” adlanır. “Smayl” əməliyyatı ölkəmizdə yalnız Respublika Müalicəvi Diaqnostika Mərkəzində edilir. Bu əməliyyatın digərlərindən fərqi ondadır ki, dörd millimetrlik bir kəsiklə kiçik həcmli toxuma ixrac olunur və görmə on dəqiqə ərzində 80-100 faizə qədər yüksələ bilir. Bu əməliyyatların fəsadları bütün göz əməliyyatlarında olduğu kimidir. Əməliyyat hamilə qadınlar, 18 yaşa qədər və buynuz qişasının nazik olduğu təyin edilən şəxslərə tətbiq olunmur.
Eynəkdən azad olma üsulları hər bir kəsin öz istəyinə uyğun seçilir. Eynək taxan insanların görmə qabiliyyətləri özünəməxsus məhdudlaşır, görmə sahəsi daralır. Yalnız linzalar vasitəsilə görmə sahəsi genişlənir. Əməliyyatların seçimində hər pasiyentə individual yanaşılır. Hər kəsin müalicəsi uzağı və ya yaxını daha yaxşı görmə istəyinə və seçdiyi peşəyə uyğun aparılır. Göz tənbəl deyilsə görmə qabiliyyətini 100 faizə qədər bərpa etmək mümkündür.
-Optik və rəngli linzalara münasibətiniz necədir?
-Optik linzalara münasibətim çox yaxşıdır. Bu tip linzaların yaradılması əsasən uşaqlar üçün nəzərdə tutulmuşdu. Linzaları taxanlar əsasən istifadə qaydalarına riayət etməlidirlər. Misal üçün yatarkən linzalar mütləq çıxarılmalıdır. Bir neçə gün çıxarılmadan gözdə qalması çox təhlükəlidir. Belə ki, buynuz qişanın üzərinə qoyulan linzalar gözün bu hissəsinin tam qidalanmasının qarşısını alır, gözdə yaralar əmələ gəlməsinə səbəb ola bilər. Ümumiyyətlə, linzalardan istifadə edən şəxsin onların təmizlik qaydalarına riayət etməsi mütləqdir. Birdəfəlik linzalar da var. Onlar gözə tam nəfəs almağa imkan verir. Optik linzalardan istifadə qaydalarına düzgün riayət edildikdə, hansısa bir problemin yaranma ehtimalı çox azdır.
Rəngli linzalara gəldikdə isə onların da, həmçinin istifadə qaydalarına düzgün riayət edildikdə heç bir əks göstərişləri yoxdur. Lakin mən həkim olaraq bu növ linzaların istifadəsinə birmənalı qarşıyam və taxılmasını məsləhət görmürəm.
-Yaşla əlaqədar görmə qabiliyyətinin zəifləməsi haqda nə deyə bilərsiniz?
-Qırx yaşa qədər emmetrop (uzağı 100 faiz görmə) olanların bu yaşdan sonra yaxını görmələri zəifləyir. Belə olan halda bu insanlara çox yüngül eynəkdən istifadə etmək məsləhət görülür. Hər beş ildən bir bu eynəklər bir dioptriya artırılır. Bu gözün içində büllurun bərkiməsindən əmələ gələn fizioloji prosesdir, xəstəlik deyil və qarşısının alınması mümkünsüzdür.
-Göz xəstəlikləri ilə əlaqədar hansı profilaktik tədbirlər görülməlidir?
-Göz xəstəliklərinin profilaktikası barədə onu deyə bilərəm ki, valideynlərində və ya ailədə irsi göz xəstəlikləri ilə bağlı problemləri olmayanlar hər iki ildən bir oftalmoloq müayinəsindən keçməlidirlər. Lakin göz xəstəlikləri ilə irsi problemlərin olanların 40 yaşından sonra ildə ən azı iki dəfə oftalmoloq müayinəsindən keçmələri məsləhətdir.
azertag.az