Dünya Səhiyyə Təşkilatı (DST) dərmanlara davamlı vərəm əleyhinə mübarizədə antibiotiklərin hazırlanmasına yönələn elmi tədqiqatları fəallaşdırmağın zəruriliyini bildirib. Həmçinin bu cür dərmanların istehsal həcmini təmin etmək lazım gələcək.
Bu barədə məlumat BMT-nin Xəbərlər Mərkəzinin saytında yer alıb. DST-nin məlumatına görə, son 50 ildə dərmanlara davamlı vərəmin müalicəsində cəmi iki antibiotik klinik sınaq mərhələlərini keçib. Hazırda hər iki preparat üçüncü sınaq mərhələsindədir. Bu prosesin başa çatdırılması və yeni səmərəli müalicə sxeminin hazırlanması üçün əlavə maliyyələşdirmə tələb olunur. Təşkilatın baş direktoru Marqaret Çen deyib: “Dərmanlara davamlı vərəm sahəsində tədqiqatlar DST-nin və bütün bəşəriyyətin əsas prioritetlərindən biridir”. Onun sözlərinə görə, vərəmin müalicəsi üçün yeni antibiotiklər sahəsində olduqca mühüm tədqiqatların maliyyələşdirilməsi üçün hazırda 800 milyon ABŞ dollarından çox pul tələb olunur.
Təşkilatın məlumatına görə, 2015-ci ildə 580 min adamda dərmanlara davamlı vərəm qeydə alınıb, onlardan 250 mini ölüb.
DST xatırladır ki, dərmanlara davamlı vərəm və elmi tədqiqatlar təşkilatın noyabr ayında keçiriləcək Nazirlər Konfransında əsas mövzular olacaq. Həmçinin bu məsələlər 2018-ci ildə BMT Baş Məclisində yüksək səviyyədə keçiriləcək görüşdə müzakirə ediləcək.
azertag.az