“XX əsrin teatr tendensiyaları” mövzusunda elmi konfrans keçirilib
3.3.2017

Martın 3-də A.Şaiq Adına Azərbaycan Dövlət Kukla Teatrında “XX əsrin teatr tendensiyaları” mövzusunda elmi konfrans keçirilib.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Dövlət “Yuğ” Teatrının birgə təşkilatçılığı ilə baş tutub.

Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi Aydın Talıbzadə çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. O deyib: “Konfransın hədəfi tələbələrdir. Formatı açıq dərs tipli olan konfransda tələbələr müəyyən biliklərini, o cümlədən XX əsr dünya teatr mədəniyyəti haqqında mövcud tendensiyalar bölüşəcəklər. Konfransın məqsədi öyrənməkdir, öyrənilənlərin dərinliyinə getməkdir”

Konfransda Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Elçin Cəfərovun “XX əsr. Teatrdan qeyri-teatra doğru” adlı məruzəsi dinlənilib. Həmçinin, konfrans çərçivəsində universitetin III və IV kurs tələbələri Dilşad Əhmədzadə “Merholdun teatr metodunun konseptual mahiyyəti”, Yusif Dağlar “M.Çexov “Aktyor texnikası-nurlanmış aktyora doğru”, İlahə Quliyeva “B.Brextin epik teatr nəzəriyyəsi”, Nadir Əhmədov “Y.Quratovskinin Yoxsul teatr poetikası”, Nisə İbadlı “A.Arto və Qəddarlıq teatrı” və Emin Əliyev “T.Kantor və ölüm teatrı” adlı məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında müzakirələr aparılıb.

azertag.az