Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlarının istismarını nəzərdə tutan «Əsrin Müqaviləsi» çərçivəsində indiyədək 284 mln. ton neft hasil olunub.
Bu isə yataqlar blokunun ümumi ehtiyatlarının 27%-ni təşkil edir. Bu barədə Azərbaycanın neft sənayesində təmsil olunan yüksək səviyyəli mənbə adı çəkilən yataqların guya tükəndiyi barədə xarici mətbuatda yayılan məlumatlara münasibət bildirərkən məlumat verib.
«Yataqlardakı neft ehtiyatlarının həcmi dəyişməyib və hazırda burada 755 mln. ton neft ehtiyatı qalıb», - deyə mənbə bildirib.
Qeyd edək ki, xarici mətbuat orqanlarında yayılan məlumatlarda «Azəri» yatağında müşahidə olunan neft hasilatının azalması adı çəkilən yataqların ehtiyatlarının tükənməsi ilə izah olunur. Lakin mənbə bunları da təkzib edib: «Azəri» yatağında hasilatın azalması bu səbəblə deyil, digər texniki məsələlərlə bağlıdır».
APA