Çox isti havada insan orqanizmi ağır yükləmələrə məruz qalır, bir çox xəstəliklərin inkişafı və ya kəskinləşməsi riski artır.
Həkimlərin fikirinə görə, istənilən xroniki xəstəliklər isti havanın təsirindən kəskinləşə bilər. Bu səbəbdən belə xəstəlikləri olan insanlar öz sağlamlığına qarşı daha diqqətli olmalı və vəziyyətində hər hansı pozulma aşkar etdikdə dərhal həkimə müraciət etməlidir.
- Belə ki, isti havada qanın damarlarda hərəkəti sürətlənir, qan daha qatı olur. Nəticədə insanda olan ürək-damar sistemi xəstəlikləri və pozulmaları kəskinləşə bilər. İsti hava infarkt və insult kimi ağır pozulmaların inkişafına təkan verir. Hipertoniyadan əziyyət çəkən insanlarda təzyiqlə bağlı problemlər yaranır (təzyiq qeyri-sabit olur - gah qalxır, gah düşür).
Bu səbəbdən ürək-damar sistemi xəstəlikləri olan insanlar öz vəziyyətinə qarşı çox diqqətli olmalı, isti havada çölə çıxmamalı, ağır fiziki yükləmələrdən, streslərdən uzaq olmalı, ağır yağlı qidalardan imtina etməli, kifəyət qədər su içməlidir (əgər buna əks-göstəriş yoxdusa).
- İsti havada hormonların ifrazı də sürətlənir. Hipertireozdan (qalxanvari vəzinin fəaliyyətinin artması ilə bağlı olan pozulma) əziyyət çəkən insanlar üçün bu çox ziyanlıdır. İsti hava, gün şüaları, havada yodun artması qalxanvari vəzini daha da fəal işləməyə məcbur edir. Bu isə hipertireoz zamanı yolverilməzdir. Hipertireozdan əziyyət çəkən insanlar isti havada çölə çıxmamalı, açıq günün altında gəzməməlidir.
- Çox isti hava böyrəklərin fəaliyyətinə də mənfi təsir edir. Daha dəqiq desək, havanın özü yox, isti havada insan orqanizmində inkişaf edən susuzlaşma.
Susuzlaşma zamanı bədəndə su-duz balansı pozulur, qan qatılaşır və böyrəklərin qanı zərərli maddələrdən təmizləməsi prosesi də xeyli çətinləşir. Əgər siz yanğı hiss etməyə başlayırsınızsa, demək, orqanizmdə susuzlaşma prosesi artıq gedir və böyrəklər də əziyyət çəkməkdədirlər. Ona görə də sağlamlıq buna yol verirsə (böyrək daşı xəstəliyi, ürək çatışmazlığı və s. yoxdursa), gün ərzində 2-3 l maye qəbul etmək lazımdır. Adi təmiz su ən yaxşı seçimdir. Həkimlər suya az miqdarda duz əlavə etməyi tövsiyə edir. Bu susuzlaşma ilə mübarizədə çox yaxşı kömək edir.
Həkimlə məsləhətləşmədən heç bir mineral suyu, xüsusən də güclü şəkildə minerallaşmış suları qəbul etmək olmaz. Belə suların tərkibində olan bu və ya digər duzların miqdarı normadan xeyli artıq olur ki, bu da böyrəklərdə daşın əmələ gəlməsinə səbəb ola bilər.
- Bağırsaq infeksiyaları da isti havanı "xoşlayır". İsti havada qidalanmanıza fikir verin, keyfiyyətsiz, şübhəli, köhnə qidaları qəbul etməyin.
- Müxtəlif xroniki dəri xəstəlikləri, xroniki bronxit, otit, haymorit və s. xəstəliklər də isti havada kəskinləşə bilər.
- Gün şüaları süd vəzilərində problemləri olan qadınlar üçün ziyanlıdır. Ümumillikdə süd vəzilərini sağlam saxlamaq istəyən qadın yalnız kölgədə "zaqar" almalıdır.
saglamolun.az