Arkaşonda Novruz bayramı münasibətilə silsilə tədbirlərə başlanılıb
6.3.2017

Azərbaycanın Dostları Assosiasiyası və Arkaşon şəhəri meriyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə iki ölkə arasındakı diplomatik əlaqələrin 25 illiyi və Novruz bayramı münasibətilə silsilə tədbirlərə başlanılıb.

Tədbirlər çərçivəsində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Arkaşon şəhərinin deputat-meri İv Fulon ilə görüşüb. İv Fulon ölkəmizə səfərini xatırlayaraq təəssüratlarını bölüşüb. Səfir Elçin Əmirbəyov Fransanın 10-dan çox şəhəri ilə imzalanmış qardaşlaşma və əməkdaşlıq xartiyası, ölkəmizdə fəaliyyət göstərən fransız liseyi və UFAZ haqqında məlumat verib.

Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Manselin də iştirak etdiyi görüşdə iki ölkə arasındakı münasibətlərdən danışılıb, Arkaşon şəhəri ilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Gələcəkdə Azərbaycan şəhəri ilə qardaşlaşma imkanları müzakirə olunub.

Görüşdən sonra Arkaşonun meri Azərbaycanın Fransaya dost ölkə olduğunu bildirib. O, Azərbaycan mədəniyyətini Arkaşon sakinlərinə tanıtmaq istəyini qeyd edib.

Görüşdən sonra şəhərin Konqres Sarayında Azərbaycanla bağlı konfrans keçirilib. Konfransda səfir Elçin Əmirbəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, torpaqlarımızın işğal olunmasından, Azərbaycanın təşəbbüsçüsü olduğu böyük regional layihələrdən, turizm imkanlarından söz açıb. Fransa ilə mövcud iqtisadi əməkdaşlıqdan danışan diplomat Azərbaycanın mədəniyyətlər və dinlərarası platformaya çevrildiyini, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

E.Əmirbəyov Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi bərpa işlərindən danışıb. Sonda səfir konfrans iştirakçılarının ölkəmizlə bağlı suallarını cavablandırıb.

Sonra Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ulduzları” rəqs ansamblı konsert proqramı ilə çıxış edib. Gənc rəqqaslarımızın ifaları alqışlarla qarşılanıb.

azertag.az