Heykəltəraşlar arasında açıq müsabiqə elan olunub
6.3.2017

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimləri Nəsrəddin Tusi, Bəxtiyar Vahabzadə və Mstislav Rostropoviçin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərinin park və bağlarında adları qeyd olunan şəxsiyyətlərin büstlərinin və ya heykəllərinin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edir.

Nazirlikdən bildirilib ki, hazırlanacaq eskiz-layihə şəklində A3 formatında albom, eskiz-maket (model) şəklində qəbul olunur. Eskiz-maket (model) plastilin və ya bərk materialda (gips, qalvanika və s.) qəbul edilir. Eskiz-maketin (model) ölçüləri müəllif tərəfindən müəyyənləşdirilir.

Qəbul olunmuş layihə və eskiz-maket (model) əsasında ölçülərə dair tələblər:

- Büstlər üçün: 2 natura;

- Tam heykəl üçün: 1 və ya 1,5 natura;

- Kompozisiyada portret üçün 1 natura.

Hazırlanacaq eskiz-layihə Bakı şəhərinin park və bağlarından biri üçün nəzərdə tutulmalıdır. Eskizlər hazırlanarkən yer heykəltəraş tərəfindən seçilmiş konkret ünvan və ya şərti olaraq müəyyənləşdirilmiş landşaft ola bilər. Eskiz-layihənin A3 formatında albom şəklində və işçi model şəklində hazırlanması müəllifin və ya müəlliflərin vəsaiti hesabına həyata keçirilir və buna görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən heç bir ödəniş tələb olunmur.

Müsabiqə martın 5-dən iyunun 1-dək davam edəcək. Layihələr iyunun 2-dən 9-dək Azərbaycan Dövlət Rəsm Qalereyasında (Bakı, Neftçilər prospekti, 123A, 1-ci mərtəbə 11-ci otaq, Telefon +994 12 493-86-33) qəbul olunur. Layihələrin təqdim edilməsi üçün son tarix iyunun 9-da bitir.

Təqdim olunacaq layihələrə ilkin mərhələdə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən baxılacaq.

azertag.az