Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına müvafiq olaraq, habelə YUNESKO təşkilatı və TÜRKSOY tərəfindən bu ili böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə “Molla Pənah Vaqif ili” elan etməsilə əlaqədar il ərzində silsilə tədbirlər keçiriləcək.
Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri, TÜRKSOY təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanası Molla Pənah Vaqif ilinin açılışı münasibətilə martın 2-də TÜRKSOY-un qərargahında kitab sərgisi keçirib.
TÜRKSOY-un qərargahında keçirilən tədbir Molla Pənah Vaqifin “Durnalar” şeirinə bəstələnmiş mahnı ilə başlayıb. Mahnı Ankara TRT xoru tərəfindən ifa olunub. Sonra tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan kitablardan ibarət şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən geniş sərgi ilə tanış olublar. M.P.Vaqifin həyatından bəhs edən kiçik videoçarx nümayiş olunub.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov M.P.Vaqif ili ilə əlaqədar keçiriləcək tədbirlərdən danışıb.
Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına minnətdarlığını bildirib, M.P.Vaqif yaradıcılığından danışaraq onun Azərbaycan ədəbiyyatında və tarixində xüsusi rolu olduğunu bildirib.
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Vaqif irsinin tədqiqinin vacibliyini vurğulayıb.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nihad Gül çıxış edərək M.P.Vaqif ilinin bütün türk dünyasında qeyd edilməsini bir millət, iki dövlət olan xalqlarımızın yaxınlığından, ədəbiyyat və mədəniyyətimizə olan dərin hörmətdən irəli gəldiyini söyləyib.
Azərbaycanın Türkiyədəkisəfiri Faiq Bağırov çıxışında Vaqifin öz ədəbi və siyasi fəaliyyətilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri оlduğunu vurğulayıb.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, bədii qiraətçi Zülfiyyə İsmayılova şairin şeirlərini səsləndirib, xalq ozanı aşıq Selahattin Dündar şairin sözlərinə bəstələnən mahnıları ifa edib.
report.az