“Söz” ədəbiyyat layihəsi çərçivəsində Xalq Yazıçısı Anarla görüş
7.3.2017

Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbiyyat layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarla görüş təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, görüş yazıçının 2016-cı ildə Moskvada nəşr olunan kitabına həsr edilib. “Время” nəşriyyat evinin çap etdiyi “Sizsiz” adlı kitaba yazıçının valideynləri haqqında xatirələri, kinopovestləri (Paris, İvan Bunin, “Şamaxı şahzadəsi - Ünbülbanu”), dostları olan rus ədibləri haqqında xatirələri (Konstantin Simonov, Vasiliy Aksyonov, Rimma Kazakova) və “Gecə düşüncələri” silsiləsi daxildir. Bu il isə “Художественная литература” nəşriyyat evi yazıçının seçilmiş əsərlərindən ibarət ikicildlik nəşr etdirib.

Xalq Yazıçı ilə görüş şairə Nigar Həsənzadənin dialoqu əsasında təşkil olunub. Gecədə Əməkdar artistlər Mehriban Zəki və Mələk Abaszadənin ifasında yazıçı Anarın rus şairlərindən etdiyi tərcümələr səslənib. Bundan başqa müğənni Lalə Məmmədova sözləri Anara, musiqisi Emin Sabitoğluna aid olan mahnını ifa edib.

Tədbirdə, ssenarisi Anara məxsus olan “Təhminə” filmindən kadrlar və ailə videosu nümayiş olunub.

Daha sonra qonaqlar və iştirakçılar Xalq Yazıçısını bu yaxınlarda olacaq doğum günü münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

azertag.az