Bakı və Sumqayıtda Novruz bayramı yarmarkaları təşkil ediləcək
7.3.2017

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 16-19 martda fasiləsiz olaraq 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Nazirlikdən daxil olan məlumata görə, yarmarkalar Bakı şəhərində Xətai rayonu (Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı), Nərimanov rayonu (Keşlə bazarının ərazisi), Səbail rayonu (Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası), Suraxanı rayonu (Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı), Binəqədi rayonu (Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı) və Sumqayıt şəhərində 12-ci mikrorayon və köhnə avtovağzalın yanında təşkil ediləcək.
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

report.az