Qəbələdə yeni meşəliklər salınır
26.9.2012

Qəbələ rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Hazırda Qəbələnin Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyiliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında, bu ilin planına uyğun olaraq, mədəni meşə salınması işlərinə başlanılmışdır. Əkin zamanı qoz, şabalıd, akasiya, vələs, göyrüş, ağcaqayın, palıd, fıstıq və digər qiymətli ağac növlərinə üstünlük verilir. Bu ay ərzində 4 hektar sahəyə ağac əkilmişdir. Qarşıdakı aylarda 50 hektar sahədə mədəni meşə salınması nəzərdə tutulur.

Bu il rayon meşələrin mühafizəsi və bərpası müəssisənin 8 hektara yaxın tinglik təsərrüfatında 900 min müxtəlif növ ağac tingi yetişdirilmiş, iki hektar sahədə yeni tinglik salınmışdır. Cari ilin qış və yaz aylarında isə 45 hektar sahədə meşə salınmışdır. Bununla yanaşı, rayonun meşəçiləri 33 min 976 hektar sahədə mövcud olan dövlət meşə fondunun mühafizəsini və bərpasını uğurla həyata keçirmiş, yanğından mühafizə məqsədilə tədbirlər görmüş, təbii bərpaya kömək tədbirləri həyata keçirmişlər.

Xatırladaq ki, 2011-ci ildə rayonda 120 hektar sahədə yeni meşə salınmışdı.

AzərTAc