"Sağlamlığın qorunması" İctimai Birliyi "Qadınları qoruyaq" devizi altında yeni layihəyə start verib.
Bu barədə Bakıda "Sağlamlığın Qorunması" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Qadınları qoruyaq" adlı tədbirdə məlumat verilib.
Təşkilatın sədri Yazgül Abdiyeva bildirib ki, Azərbaycanda tarix boyu qadınlara yüksək dəyər verilib və Azərbaycan qadını bütün ictimi-siyasi proseslərdə, cəmiyyətin irəli getməsində həmişə fəal olub. Bu gün də onlar ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Bu da gender siyasətinin mahiyyətindən, qadına cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Lakin bütün bunlarla yanaşı Azərbaycan qadını bu gün bir çox problemlərlə üzləşir. Həm mental dəyərlərə əsasən onun qabağına maneələr çıxır, həm də sağlamlıq problemi ilə üzləşir:
"Belə halları aradan qaldırmaq üçün bu gün "Qadınları qoruyaq" devizi altında aksiyaya start vermişik. Məqsədimiz Azərbaycan qadınına dəstək olmaq, onun arzularının gerçəkləşməsinə yardım etməkdir. Sözsüz ki, sağlam qadın sağlam cəmiyyət, sağlam düşüncə deməkdir. "Sağlamlığın qorunması" adlı yaratdığımız yeni təşkilat çərçivəsində qadınların sağlamlığı ilə bağlı layihələr həyata keçirmək niyyətindəyik".
trend.az