Londonda “Baku” jurnalının ingilisdilli versiyasının ilk nömrəsinin təqdimatı keçirildi (Foto)
6.10.2011

Londonda “Baku” jurnalının ingilisdilli versiyasının ilk nömrəsinin təqdimatının keçirilib. Gomap.az saytının AzərTAc-a istinadən verdiyi məlumata görə, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva iştirak edib. Londonun mərkəzində, tarixi Pikadilli meydanı yaxınlığında yerləşən möhtəşəm zalda keçirilən təqdimat mərasimində şəhərin tanınmış ictimai-siyasi xadimləri iştirak ediblər.
Monitorlar vasitəsilə Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, həmçinin məşhur fotoqraflar Tom Kreyq və Gaylz Praysın çəkdikləri fotolar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
“Baku” jurnalının ingilisdilli versiyası dünyada məşhur “Konde Nast” nəşriyyat evində çap olunur. Jurnal təkcə Böyük Britaniyada deyil, eyni zamanda, ABŞ, Fransa, İtaliya və digər ölkələrdə də yayılacaq. Bu isə Azərbaycanın planetimizin istənilən guşəsindəki oxucuya daha yaxın, daha doğma olmasına kömək etmək baxımından əhəmiyyətli rol oynayır.
Təqdimat mərasimində çıxış edən “Konde Nast” nəşriyyat evinin direktoru Nikolas Koleric “Baku” jurnalının ingilisdilli versiyasının çox uğurlu layihə olduğunu vurğulayıb. N.Korelic bu dərginin Azərbaycanı Avropada daha da geniş təbliğ etmək baxımından mühüm əhəmiyyətindən danışıb.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva çıxış edib. Mərasimə toplaşan qonaqları salamlayan Leyla Əliyeva bildirib ki, dörd il əvvəl Moskvada rus dilində işıq üzü görən jurnalın beynəlxalq versiyasının yaradılması arzusu artıq reallıqdır. Jurnalın baş redaktoru bu gündən nəşrin London, Paris, Nyu-York, Berlin, Roma və dünyanın daha bir neçə böyük şəhərlərində satışa çıxarılacağını deyib.
Xəzərin sahilində yerləşən qədim tarixi olan Bakının dünyanın sürətlə inkişaf edən şəhərlərindən biri olduğunu qeyd edən Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtımızın görməli və sevilən guşələrdən, onun daha da gözəlləməsi istiqamətində aparılan işlərdən danışıb. Bu gün Bakının yeni inkişaf dövrünü yaşadığını vurğulayan Leyla Əliyeva bildirib ki, bütün bu müsbət dəyişikliklər “Baku” jurnalında da öz əksini tapır.
“Düşünürəm ki, bu jurnal bizə köhnə ilə yeninin, Qərb ilə Şərqin görüşdüyü məkan olan şəhərimizin gözəlliyini, zəngin mədəni ənənələrini göstərməyə yaxşı imkan yaradır. Jurnalın səhifələrində siz incəsənət, tarix, musiqi, dəb, memarlığa aid məqalələr və ən əsası heyranedici xalq haqqında hekayələr oxuya bilərsiniz. Burada, həmçinin məşhur fotoqrfların çəkdikləri şəkillər də yer alır və bu axşam mən onların bəzilərini burada görməyimə çox şadam. İnanıram ki, “Baku” jurnalı dünyanın hər bir yerində oxucular arasında öz yerini tapacaq. Xüsusən də burada - dünyanın ən heyranedici şəhərlərindən biri olan Londonda”, - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.
“Eurovision” mahnı müsabiqəsinin gələn il Bakıda keçiriləcəyini xatırladan “Baku” jurnalının baş redaktoru bunun paytaxtımız ilə daha yaxından tanış olmaq və Bakının sehrini kəşf etmək üçün gözəl fürsət olduğunu vurğulayıb.
Mərasimdə iştirak edən qonaqlar “Baku” jurnalının ingilisdilli versiyasının çox böyük maraqla qarşılanacağını vurğulayaraq nəşrə olan tələbat və marağın günbəgün artacağına ümidvar olduqlarını demişlər.
“Bugünkü tədbir heyranedicidir. Əminəm ki, bu jurnalın ingilisdilli versiyasının oxucuları Azərbaycan ilə daha yaxşı tanış etmək üçün çox böyük rolu olacaqdır. Jurnal Azərbaycanın özünəməxsus gözəlliyə malik olduğunu hər kəsə sübut edəcəkdir. Onu da bilirəm ki, Azərbaycan çox zəngin mədəniyyətə, təbii sərvətlərə və böyük nüfuza malik olan bir ölkədir. Bu jurnal sayəsində Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələr daha da möhkəmlənəcək”, - deyə Böyük Britaniyanın ticarət əlaqələri üzrə səfiri Leydi Barbara vurğulayıb.
“GQ” jurnalının redaktor müavini Bill Prins isə deyib: ““Baku” jurnalı möhtəşəmdir. Jurnal Azərbaycan haqqında daha da çox məlumat əldə etmək imkanı yaradır. Nəşr üzərində işləyən tanınmış şəxslər isə onun əhəmiyyətini qat-qat artırır. Düşünürəm ki, Londonda bu jurnala maraq çox böyük olacaq. Belə ki, o, Bakını, Azərbaycanı Londonun oxucularına daha da geniş təqdim edəcək”.
“Mən fikirləşirəm ki, bu, çox cəsarətli və müsbət bir addımdır. Çünki, jurnal məzmununa, toplanan materiallara görə oxunur. Təqdimat mərasimində də jurnalın böyük maraq doğurduğunun şahidi oldum. Bilirəm ki, növbəti il Bakıda “Eurovision” mahnı müsabiqəsi keçiriləcək və hər kəsə maraqlıdır ki, görəsən müsabiqənin keçiriləcəyi yer hansı sirli məkandır. Düşünürəm, jurnal qısa bir müddətdə seviləcək və tanınacaqdır. Mən bunu ürəkdən arzu edirəm və buna inanıram, çünkü nəşr ölkənin mədəniyyətini təbliğ edir, Azərbaycan və paytaxtınız haqqında məlumat verir. Bu isə həddindən artıq vacibdir. “Baku” jurnalına uğurlar arzu edirəm”, - deyə məşhur futbolçu Andrey Arşavinin həyat yoldaşi Yuliya Arşavina qeyd edib.