Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH mərkəzinin bir qrup tələbəsi universitetin rektor əvəzi Xalıq Yahudova startap layihələri haqqında məlumat veriblər.
Universitetdən bildirilib ki, martın 2-də keçirilən “SABAH” İnnovasiya Forumunda tələbələrin təqdim etdiyi “Wake Me Up”, “LL” , “Smart Energy” və “BeTa” adlı layihələrin hər biri ayrılıqda böyük marağa səbəb olub.
Startapçılar öz biznes planlarını da açıqlayıblar. Qeyd olunub ki, “Wake Me Up” layihəsinin reallaşdırılması təhlükəli zamanlarda yuxuya gedən insanlar üçün çox vacibdir. Bu layihənin məhsulu olan xüsusi eynəklər sükan arxasında yuxuya gedən sürücünü ultraqırmızı şüa vasitəsi ilə oyadır və baş verə biləcək qəzanın qarşısını alır.
“Smart Energy” layihəsi isə sənaye üçün çox böyük önəm kəsb edir. Belə ki, layihə çərçivəsində təkmilləşdirilən texnologiya sayəsində qaranlıq tunellərin alternativ enerji ilə işıqlandırılmasını nəzərdə tutur. Startapçılar bildiriblər ki, tunellərin giriş-çıxışına yerləşdirilən rezinlərin üstündən keçən avtomaşınlar eyni ilə işıqsaçan ayaqqabılar kimi qaranlıq tuneli işıqlandıracaq.
Rektor əvəzi bildirib ki, AzTU onların layihələrinin reallaşdırılması üçün hər cür şərait yaratmağa hazırdır. Çünki dövlətin savadlı və innovativ biliklərə sahib olan gənclərə ehtiyacı var.
Qeyd edək ki, “SABAH” İnnovasiya Forumunda AzTU-nu “Nulls”, “Smart Energy” və “BeTa” komandaları təmsil edib.
azertag.az