Azərbaycan və Almaniya xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib
9.3.2017

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarına ünvanladığı məktubunda diplomatik münasibətlərin qurulduğu andan etibarən ölkələrimiz arasındakı əlaqələrin dinamik şəkildə inkişaf etdiyini və müxtəlif sahələri əhatə etdiyini bildirib. Hazırda Azərbaycanın Almaniya və Avropa İttifaqının Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı olduğunu qeyd edən nazir ikitərəfli əlaqələrin inkişafında böyük potensialın mövcudluğunu vurğulayıb.
Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin tarixinin təkcə diplomatik münasibətlərin qurulması ilə məhdudlaşmadığını və daha dərin köklərə malik olduğunu qeyd edən nazir Elmar Məmmədyarov 2017-ci ildə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olduğunu bildirib. Azərbaycanda almanlara məxsus tarixi-mədəni irsin mövcudluğunun ölkələrimiz arasındakı münasibətlərin mühüm simvoluna çevrildiyini vurğulayıb.
Almaniyanın xarici işlər naziri Siqmar Qabriel Elmar Məmmədyarova göndərdiyi məktubda iki yüz il əvvəl şvab almanlar tərəfindən Azərbaycan ərazisində əsası qoyulmuş Helenendorf kimi yaşayış məntəqələrinin iki ölkənin birgə mədəniyyət irsi olduğunu qeyd edib.
Almaniyalı nazir Azərbaycanın ölkəsinin enerji təminatının şaxələndirilməsində strateji tərəfdaşı olduğunu bildirib. Almaniyanın Azərbaycanın müasirləşmə səylərində, iqtisadiyyatın şaxələndirilməsində və demokratik inkişafında bundan sonra da etibarlı tərəfdaşı olmaqda davam edəcəyini diqqətə çatdırıb.
İki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi sahədə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayan Siqmar Qabriel Alman-Azərbaycan iqtisadi forumunun buna bariz nümunə olduğunu qeyd edib.

report.az