Tokionun nəhəng “Makuhari Messe” sərgi salonunda martın 7-də açılmış Beynəlxalq “Foodex Japan 2017” Qida və İçki Sərgisində Azərbaycanı “Azərsun Holding” MMC təmsil edir.
Yaponiyada artıq 42-ci dəfə keçirilən “Foodex 2017” sərgisi ənənəvi olaraq dünyanın müxtəlif ölkələrinin qida və içki istehsalı ilə məşğul olan şirkətlərin, həmçinin bu sektorla əlaqəli dövlət qurumlarının və firmaların nümayəndələrini bir araya gətirir.
Nəhəng “Makuhari Messe” salonunun 8 zalında təşkil edilmiş sərgidə dünyanın 80 ölkəsinin 3200 şirkətinin nümayəndələri iştirak edirlər. İctimai iaşə üzrə 76 min distribütorun və topdan alıcının sərgini ziyarət edəcəyi gözlənilir.
Martın 10-dək davam edəcək sərgidə “Azərsun Holding” MMC-nin stendi iştirakçılar və ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Sərgidə iştiraka görə Yaponiyanın JETRO şirkətinə minnətdarlığını bildirən müəssisənin satış üzrə meneceri Ümid Solak bildirib ki, “Azərsun Holding”in ilk dəfə “Foodex Japan 2017” sərgisində iştirak etməsinə baxmayaraq, təqdim edilən məhsullar iştirakçılar tərəfindən maraqla qarşılanır. Yaponiyada Azərbaycan iqtisadiyyatının sürətli və dinamik inkişafı haqqında yaxşı məlumatlıdırlar.
Sərgidə “Azərsun Holding”in Azərbaycan qida sənayesini layiqincə təmsil etməyə çalışdığını bildirən Ü.Solak artıq bir neçə Yaponiya şirkəti ilə əməkdaşlıq barədə razılaşmanın əldə edildiyini də vurğulayıb.
Yaponiyanın JETRO təşkilatının nümayəndəsi Ken İto isə deyib ki, “Azərsun Holding” şirkətinin məhsulları ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Sərginin ziyarətçiləri də böyük məmnuniyyətlə Azərbaycan qida məhsullarının dadına baxır və onların keyfiyyətindən razılıqlarını bildirirlər. Azərbaycanın “Azərsun Holding” şirkətinin Yaponiya bazarına daxil olması əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfəsini verəcək.
Sərgi çərçivəsində Yaponiya ilə yanaşı, digər ölkələrin nümayəndələri ilə də əməkdaşlıq imkanları müzakirə edilib.
azertag.az