“Boy çiçəyi” tanınmış aktyor Ramiz Novruzun iştirakı ilə təqdim olunacaq
9.3.2017

Martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya Sən həmişə mənimləsən” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın təqdimindən əvvəl 10 mart - Milli Teatr Günü münasibətilə tədbir təşkil olunacaq, Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salınacaq.

Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətdir.

Səhnə əsərində əsas rolları Xalq Artisti Ramiz Novruz, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Elnar Qarayev, Rada Nəsibova və Fəridə Əliyeva ifa edəcək.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

azertag.az