Naxçıvandakı universitetlərdə bədii gimnastika bölmələri fəaliyyətə başlayıb
9.3.2017

Muxtar respublikadakı Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində bədii gimnastika bölmələri fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərəcək bölmələrə Azərbaycan Respublikasının idman ustası Humay Qafarova rəhbərlik edəcək.

Naxçıvan Dövlət Universitetinin idman zalında olan məşğələlər hər həftənin I, III, və V günləri keçiriləcək.

“Naxçıvan” Universitetinin idman zalında da bədii gimnastika məşqlərinə başlanılıb. Məşqdən öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, bu gün muxtar respublikanın şəhər və rayonlarında idmanın inkişafı üçün hər bir şərait yaradılıb. Ali və orta ixtisas təhsili müəssisələrində idman dərslərinə diqqət yetirilir. Elit idman növü kimi ad qazanan bədii gimnastikaya Naxçıvanda böyük maraq göstərilir. Hazırda muxtar respublikada bu idman növü ilə yüzlərlə uşaq məşğul olur.

Sonra məşq prosesinə start verilib.

Həftənin ikinci və dördüncü günləri keçiriləcək məşqlərə Humay Qafarova rəhbərlik edəcək.

azertag.az