Mahnı Teatrında “Bakı baharı” milli rəqs müsabiqəsi keçirilib
13.3.2017

“Cabir Novruz” Mədəniyyət Fondunun və “Step-up” xoreoqrafiya studiyasının təşkilati dəstəyi ilə martın 12-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında uşaq və gənclər arasında “Bakı baharı” milli rəqs müsabiqəsi keçirilib.

Əvvəlcə Xalq Şairi Cabir Novruzun həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin şöbə müdiri Sənan Talıbov və Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə müsabiqəni açaraq “Cabir Novruz” Mədəniyyət Fondunun fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar müsabiqə iştirakçılarına müvəffəqiyyət arzu edərək bildiriblər ki, belə tədbirlərin keçirilməsi Azərbaycan milli rəqslərinə, bütövlükdə musiqisinə marağı artırır.

Sonra 15 rəqs kollektivi çıxış edib. Ən yaxşı kollektivlər diploma layiq görülüb.

azertag.az