Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2017-ci il üçün İş planına uyğun olaraq, orta məktəblərin yuxarı sinif şagirdləri arasında əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri davam etdirilir. Bu istiqamətdə cari ildə ilk tədbir kimi, Bakı şəhərinin Yasamal rayonundakı 286 saylı tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün “Uşaq əməyini istismardan qorumaq hər birimizin borcudur” mövzusunda maarifləndirici tədbir keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Xidmətin 5 saylı region (Bakı şəhərinin Səbail, Yasamal, Qaradağ rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin, Yasamal rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin, ayrı-ayrı işəgötürənlərin nümayəndələri, qeyd olunan orta məktəbin rəhbər şəxsləri iştirak ediblər. Qeyd olunub ki, ötən dövrdə Azərbaycan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, digər müvafiq beynəlxalq sənədlərə qoşulub. Həmçinin ölkəmiz Beynəlxalq Əmək Təşkilatının “Minimum yaş həddi haqqında”, “Uşaq əməyinin ən pis formaları haqqında” Konvensiya və Tövsiyələrini ratifikasiya edib. Hazırda Azərbaycan uşaq əməyi ilə bağlı mütərəqqi və humanist dəyərləri özündə əks etdirən qanunvericilik bazasına malik bir ölkədir.
Tədbirdə uşaq əməyinin istismarının qanunla qadağan olunduğu vurğulanıb, ölkəmizin əmək qanunvericiliyində uşaq əməyindən istifadə ilə bağlı təsbit olunmuş normalar, yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin hüquqi prinsipləri, onlar üçün nəzərdə tutulan təminatlar və s. barədə yuxarı sinif şagirdlərinə geniş məlumatlar verilib. Habelə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının aradan qaldırılması üçün Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılan işlər, həyata keçirilən təbliğat-maarifləndirmə tədbirləri diqqətə çatdırılıb, görülən işlər nəticəsində uşaq əməyi ilə bağlı hüquqazidd halların sayının minimuma endiyi bildirilib. Tədbir zamanı yuxarı sinif şagirdlərinin müvafiq mövzuda sualları da cavablandırılıb.
Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirlərinin digər bir sıra orta məktəblərdə də davam etdirilməsi nəzərdə tutulur.
azertag.az