Azərbaycanda böyük elektrik stansiyasını ildırım vurub. Bu barədə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsindən bildiriblər.
Məlumatda qeyd olunub ki, ötən gecə sürən qeyri-sabit hava şəraiti nəticəsində Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb.
Hadisə nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikanın əksər şəhər və rayonlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb. Bakı Metropoliteninin də işi iflic olub, metro fəaliyyətini dayandırıb.
Hadisə nəticəsində İES-də qısamüddətli yanğın da baş verib. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.
Hazırda İES-in işinin bərpa olunması istiqamətində işlər görülür.
* * *
Bakıya verilən elektrik enerjisinin kəsilməsi səbəbindən paytaxtın bütün yollarında böyük avtomobil tıxacları yaranıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforlar sönüb, nəticədə böyük tıxaclar meydana gəlib. Metronun fəaliyyətinin dayanması da vətəndaşların marşrut avtobuslarından istifadə etmək məcburiyyətində qoyub, insanların kütləvi şəkildə avtobus dayanacaqlarına axışması yollarda avtomobillərin hərəkətinə problemlərə yaradıb. Yol hərəkətinin tənzimlənməsinə yol polisi əməkdaşları cəlb olunublar.
Artıq əksər işıqforların fəaliyyəti bərpa edilib. Paytaxtda avtomobillərin hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir.
* * *
Sentyabrın 28-i saat 6.50-də Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının elektrik paylayıcı stansiyasına ildırım düşməsi nəticəsində partlayış baş verib.
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Hissəsindən yerli bürosuna verilən məlumata görə, partlayışdan sonra 3-cü yarımstansiyada 330 kVt-lıq transformatorda güclü yanğın baş verib.
Hadisə yerinə 7 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub, yanğın söndürülüb.
“Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-dən verilən məlumata görə, artıq 500 kVt-lıq yüksək gərginlikli “2-ci Abşeron” hava xətti gərginliyə qoşulub, bununla, paytaxta elektrik enerjisinin verilməsi bərpa edilib. Hadisə nəticəsində yüksək gərginlikli “1-ci Abşeron” xətti isə qəzalı vəziyyətə düşüb. Briqadalar qəzanın aradan qaldırılması üçün ərazilərə çıxıb.
220 kVt-lıq yüksək gərginlikli “Mingəçevir-1” və “Mingəçevir-2” xətlərində də qəza baş verdiyindən bir neçə rayona elektrik enerjisinin verilişi dayandırılıb. Mingəçevir şəhərinə isə enerji Mingəçevir Su Elektrik Stansiyasından verilir.
APA