"Şahdağ Qış-Yay İdman-Turizm Kompleksi hər gün 10 min turist qəbul edəcək
28.9.2012

"Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin tikintisi başa çatdıqdan sonra burada hər gün 10 min turistin qəbulu təmin ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avstriyanın paytaxtı Vyanada "Qafqaz və Mərkəzi Asiya - Qlobal iqtisadi çağırışlar şəraitində davamlı inkişafın təşviqi" mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı deyib.

O deyib ki, Azərbaycanın turizmin inkişafı sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də qış turizm növlərinin inkişaf etdirilməsi məqsədilə Qusar rayonunda dağlıq ərazidə, dəniz səviyyəsindən 1400-2500 metr yüksəklikdə ən müasir standartlara cavab verən Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin inşa olunmasıdır. Kompleksin tikintisi başa çatdıqdan sonra burada 5000-ə yaxın iş yerinin təşkilinə imkan yaranacaq.

Nazir deyib ki, turizm sektorunda görülən işlər ölkəyə turist axınına da müsbət təsir edir. Ötən il Azərbaycana gələn əcnəbilərin sayı ilk dəfə 2 milyonu ötüb, ölkəmiz 2 milyon 239 min nəfər qonaq qəbul edib. Bu, 2010-cu ilə nisbətən 14 faiz çoxdur. Ölkədə 508 mehmanxana fəaliyyət göstərir, orada yerləşdirilmiş şəxslərin sayı 2010-cu illə müqayisədə 16,3 faiz artıb ki, onların da 50 faizindən çoxu xarici ölkə vətəndaşlarıdır.

Qarayev deyib ki, 5 il öncə ölkədə fəaliyyət göstərən mehmanxanaların sayı 300-dən az idisə, təkcə ötən il Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyekt istifadəyə verilib. Hazırda isə ölkə ərazisində 45 mehmanxana inşa edilir, 178 turizm şirkəti fəaliyyət göstərir.

trend.az