Azərbaycan Dövlət Musiqili Teatrında Ü.Hacıbəylinin “Arşın mal alan” operası əsasında hazırlanan eyniadlı səhnə əsəri nümayiş olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Milli Teatr Günü münasibətilə təqdim olunan tamaşanın nümayişindən əvvəl Azərbaycan teatr sənətinin 144 illik şərəfli yoluna qısa nəzər salınıb. Bu tarixi prosesdə Musiqili Teatrın oynadığı roldan, görülən işlərdən söz açılıb. Daha sonra tamaşa təqdim edilib.
Rejissor Elvin Mirzəyevin quruluşunda hazırlanan səhnə əsərinin bədii rəhbəri teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevdir.
Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Ülviyyə Əliyeva, Elxan İsmayılov və Mehriban Zalıyeva ifa ediblər.
Qeyd edək ki, tamaşanın bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
azertag.az