Martın 13-də Bakıdakı 53 nömrəli tam orta məktəbdə Xalq Şairi Cabir Novruzun xatirəsinə həsr olunmuş “Sağlığında qiymət verin insanlara” adlı tədbir təşkil olunub.
Tədbir “Cabir Novruz” Mədəniyyət Fondunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə məktəbin direktoru Firəngiz Həsənova çıxış edərək unudulmaz şairin həyat və yaradıcılığından danışıb.
Bildirilib ki, C.Novruz ədəbiyyat aləminə gəldiyi ilk illərdən yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva şairin zəngin yaradıcılığından, onun poeziyamızın inkişafındakı xidmətlərindən danışıb.
Vurğulanıb ki, şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. C.Novruz öz əsərlərində Azərbaycan poeziyasının, milli örnəklərini, poetik irsimizin zəngin ənənələrini yaşadıb, müasir ədəbi cərəyanların tələblərindən irəli gələn əsərlər yaradıb.
Diqqətə çatdırılıb ki, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olub.
Çıxış edən digər qonaqlar şairin yaradıcılığından və insani keyfiyyətlərindən söz açıblar.
Sonra şagirdlər şairin şeirlərini oxuyub, tanınmış və gənc ifaçılar isə C.Novruzun sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.
Sonda şairin şeirlərini qiraət edən şagirdlər mükafatlandırılıb.
azertag.az