Azərbaycanda yaş baramanın hər kiloqramına görə veriləcək subsidiyanın məbləği müəyyənləşib
14.3.2017

Nazirlər Kabineti “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə, subsidiyanın verilmə Qaydası”nı təsdiq edib.
Baş nazir Artur Rasi-zadə bununla bağlı qərar imzalayıb.
Qaydaya əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə verilən subsidiyanın məbləği 5 manat müəyyən edilib.
Maliyyə Nazirliyinə bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.

report.az