Azərbaycan Beynəlxalq Bankı yeni saytını təqdim edib
14.3.2017

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) yenilənmiş www.ibar.az korporativ saytı istifadəyə verilib.
Banka istinadən xəbər verilir ki, sayt hazırda əsaslı dəyişikliklər mərhələsində olan ABB-nin yeni korporativ standartlarına uyğun müasir dizaynı, fərqli strukturu, ən əsası isə istifadəsinin asanlığı ilə fərqlənir.
Öz konsepsiyasına görə yeni sayt, müştərilər üçün, Bankın online filialı funksiyasını yerinə yetirəcək. Belə ki, burada ABB-nin müxtəlif çeşidli məhsul və xidmətləri barədə ətraflı məlumat almaqla yanaşı, bu məhsul və xidmətləri sayt üzərindən sifariş etmək də mümkündür. Müştərilər Bankın internet saytı vasitəsilə kreditləri, ödəniş kartlarını, bank hesablarından arayışları sifariş edə, R@ndevu xidməti vasitəsilə filial və şöbələrdə onlara əvvəlcədən xidmət vaxtı müəyyənləşdirə, kredit və kommunal ödənişləri həyata keçirə, fərdi və korporativ internet bankçılığın geniş imkanlarından faydalana bilərlər.
Saytın onlayn məsləhətçisi günboyu istifadəçilərin müxtəlif suallarına cavab verəcək. Bankın fəaliyyət istiqamətləri və yenilikləri, missiyası, menecment sistemi, maliyyə göstəriciləri və s. barədə ətraflı məlumatları da buradan əldə etmək mümkündür.
Bu gün ABB-nin əsas hədəflərindən biri də müştərilərlə kommunikasiyaları optimallaşdırmaq, daha müştəriyönümlü bank olmaqdır. Saytın yenilənməsi müştəri məmnuniyyətinin artırılmasına, bank xidmət və məhsullarının onlar üçün daha əlçatanlığına xidmət edəcək. Bu istiqamətdə innovativ yeniliklər gələcəkdə də davam etdiriləcək.
Qeyd edək ki, 36 filiala və 40 şöbəyə malik olan ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

report.az