Bakıda xarici diplomatların iştirakı ilə beynəlxalq festival başlayıb
15.3.2017

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Prezident yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə akademiyada “İslam Həmrəyliyi İli”nə həsr olunan “Novruz, multikultural dəyərlər dünya dinlərinin həmrəyliyi kontekstində” beynəlxalq festival başlayıb.
Bilik Fondundan verilən məlumata görə, tədbirin birinci günü Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəlik rəsmilərinin təmsil etdikləri xalqların Novruz adətlərindən bəhs edən elmi-praktik konfrans olub.
Tədbiri Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov açaraq Azərbaycanda Novruzun çox qədim dövrlərdən qeyd edildiyinə diqqət çəkib, Qobustan qayalarında həkk olunan rəsmlərdə bu izlərə rast gəlindiyini söyləyib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Novruzun dostluq, qardaşlıq, əmin-amanlıq bayramı olduğunu, bu bayramda savaşa, küsülülüyə, ayrılığa yer olmadığını deyib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Gündüz İsmayılov dinlə Novruzun vəhdətindən söz açıb. Komitə rəsmisi dünyanın hazırkı mənzərəsinin aqressiya, kin, dağıdıcılıq xətləri ilə ştrixləndiyini deyərək çıxış yolu kimi yaxşıların ittifaqının yaranmasını təklif edib. Onun sözlərinə görə, bütün insanların bir əcdadı olduğundan İslam Həmrəyliyi insanları həm İslam, həm də bəşər qardaşlığına çağırır.

report.az