Azərbaycanda çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydaları təsdiq edilib
28.9.2012

Azərbaycan hökuməti çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydalarını təsdiq edib. Bu barədə cümə günü Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir.

Qaydalara əsasən, həqiqi hərbi xidmətə çağırışın təmin edilməsi məqsədilə bütün çağırışçı və hərbi vəzifəli şəxslərin müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınması müəyyən edilib.

Qeyd olunub ki, bütün çağırışçılar və hərbi vəzifəlilər "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunla müəyyən edilmiş hərbi qeydiyyat qaydalarına ciddi əməl etməlidirlər.

Bundan sonra, bütün çağırışçılar və hərbi vəzifəlilər SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrində hərbi qeydiyyatda durmalıdırlar. Belə ki, hərbi vəzifəlilər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.

Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar. Onlar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər.

Hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxmaq üçün çağırışçılar və hərbi vəzifəlilər SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə şəxsən müraciət etməlidirlər.

Qaydalara əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin müvafiq qurumları çağırışçıları və hərbi vəzifəliləri yalnız hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata alınma və ya hərbi qeydiyyatdan çıxarılma barədə SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdırlar.

Cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış çağırışçılara dair onların qeydiyyatda olduğu SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidirlər.

Cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidirlər.

Tibbi-sosial ekspert komissiyaları sağlamlıq imkanları məhdud olan və ya əlil sayılan bütün çağırışçılar və hərbi vəzifəlilər barədə onların hərbi qeydiyyatda olduğu SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidirlər.

Trend