İçərişəhərlə tanışlıq Naxçıvan məktəblilərində zəngin təəssürat yaradıb
17.3.2017

Artıq dördüncü ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halını alıb. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Maarifləndirici tur-aksiya çərçivəsində Bakıya gələn Naxçıvan məktəbliləri martın 16-da İçərişəhərlə tanış olublar. Naxçıvanlı məktəblilərdən, müəllim və bələdçidən ibarət qrup əvvəlcə Qız qalası ilə tanış olub. Şagirdlərə Qız qalası abidəsinin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Məktəblilərə Qız qalasında konservasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da şagirdlərin böyük marağına səbəb olub.

Naxçıvan məktəblilərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri qorunub saxlanılır. İçərişəhərlə tanışlıq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksini ziyarətlə davam etdirilib. Dərsliklər vasitəsilə tanış olduqları bu sarayı görmək məktəblilərdə Azərbaycan tarixinə marağı daha da artırıb.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarix-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.

azertag.az