Azərbaycanda Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.
Sərəncam ümumilikdə 423 nəfərə şamil edilir.
Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılmaqla, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib.
report.az