Elektron sistem vasitəsilə birinci sinfə qəbulla bağlı doqquz mindən çox sorğu yerləşdirilib
17.3.2017

Elektron sistem vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların birinci sinfinə qəbulla bağlı martın 16-na (saat 18:00) olan məlumata əsasən, 9.334 valideyn sorğu yerləşdirib.

BŞTİ-dən bildiriblər ki, onlardan 8.108-i övladlarının təhsil alması üçün ümumi təhsil məktəblərini, 1.226-sı isə lisey və gimnaziyaları seçib.

2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların birinci sinfinə şagird qəbulu prosesi martın 15-dən sentyabrın 15-dək keçiriləcək.

Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanının icrasını təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə birinci sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin online qeydiyyatı yolu ilə həyata keçirilir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, nazirliyin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə reallaşır. Martın 15-dən sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Həmçinin birinci sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə altı ümumi təhsil müəssisəsində apelyasiya komissiyaları təşkil olunub.

Qeyd edək ki, ümumi təhsil məktəbinin birinci sinfinə 2017-ci il sentyabrın 15-nə kimi 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf edən, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu üzrə müsahibədən uğurla keçən, 2011-ci il sentyabrın 16-dan dekabrın 31-dək dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilirlər. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2017-2018-ci dərs ili üçün birinci sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.

BŞTİ tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların birinci sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb. Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində martın 15-dən 17-dək birinci sinfə qəbulla bağlı suallara cavab verilir.

azertag.az