Hər kəsdə xoş duyğular yaradan, insanları yaşamağa, qurub-yaratmağa həvəsləndirən Novruz bayramı uca dağların qoynuna sığınan Daşkəsəndə böyük coşqu ilə qeyd olunan ümumrayon şənliyinə çevrilib.
Bayram tədbirində Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, idarə, təşkilat və müəssisələrin əməkdaşları, digər bölgələrdən gələn qonaqlar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev tədbiri açaraq deyib : “Novruz yalnız yazın gəlişi, fəsillərin dəyişməsi deyil, bu, həm də Azərbaycan xalqının min illərlə qoruyub saxladığı ən gözəl milli-mənəvi dəyərlərin təcəssüm etdirildiyi ümumxalq bayramıdır. Elə ona görə də ölkəmizin hər yerində olduğu kimi, Daşkəsəndə də insanlar baharın gəlişini böyük sevinc və fərəh hissi ilə qeyd edirlər”.
Ə. Abıyev bildirib ki, Novruz bayramı ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən dövlət səviyyəsində qeyd edilib. “Birlik və həmrəyliyə çağırış olan Novruzun belə yüksək səviyyədə keçirilməsi Ulu Öndərin Azərbaycan xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbəti idi”, - deyə Əhəd Abıyev vurğulayıb.
Bayram şənliyinin Daşkəsən şəhərinin salınmasının 69-cu ildönümü gününə təsadüf etdiyini bildirən icra başçısı rayonun tarixi, xüsusilə son illərdə əldə etdiyi sosial-iqtisadi inkişafı ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edən Ə.Abıyev ölkəmizin və rayonun inkişafı naminə fəaliyyətlərində bütün daşkəsənlilərə uğurlar arzulayıb.
Sonra tədbir bayramsayağı bəzədilən Heydər Əliyev meydanında təşkil olunan ümumrayon şənliyi ilə davam edib. El ağsaqqalı Dədə Qorqud və yazın rəmzi sayılan Bahar qız şənliyə qoşulanlara təbriklərini çatdırıblar. İştirakçılar bayram çadırları önündə nümayiş etdirilən el sənətkarlığı nümunələrinə baxıb, təqdim olunan milli mətbəximizin nümunələrindən dadıblar. Çaparın gətirdiyi rəmzi odla bayram tonqalı alovlandırılıb. Kosa və keçəlin məzəli zarafatları, pəhləvanların, gənc idmançıların nümunəvi çıxışları, el aşıqlarının rəngarəng ifası, eləcə də bir-birindən oynaq rəqslər şənlik iştirakçılarında xoş ovqat yaradıb.
azertag.az