“Həyatın qəfəsi” kitabı işıq üzü görüb
17.3.2017

“Mütərcim” nəşriyyatında BSU-nun dekanı, professor, şairə-publisist Flora Nacinin “Həyatın qəfəsi” adlı şeirlər kitabı çapdan çıxıb.

Əsasən rus dilində yazıb-yaradan müəllif indiyədək oxucularına bir neçə şeir kitabı təqdim edib. Yeni nəşrə onun ana dilimizdə yazdığı şeirləri ilə yanaşı, tərcümələri və şair Elçin İsgəndərzadənin F.Nacinin ruscadan tərcümə etdiyi əsərləri daxil edilib.

Şeirlərin əsas mövzusunu həyat haqqında fəlsəfi düşüncələr, insanın özünü dərk etmək ehtiyacı, bununla bağlı daxili yaşantıları və ülvi duyğularının poetik mənzərəsi təşkil edir. Onun əsərlərində oxucuların diqqətini zərif qadın ruhu, güclü lirika və dərin fəlsəfə cəlb edir.

Əsasən 48 şeirin yer aldığı 95 səhifəlik kitabın redaktoru və “Ön söz” müəllifi, filologiya elmləri doktoru, professor Yaşar Quluzadədir. O, şairənin lirikası haqqında yazır: ”Həyatda olduğu kimi şeirlərində də müxtəlifdir, təkrarsızdır Flora xanım. O, həzin pıçıltı ilə də danışır, gur səslə də...”

Flora Nacinin “gur səsi” hələ neçə illər sonra da elm aləmində və ədəbiyyat dünyamızda eşidiləcək.

azertag.az