İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
27.3.2017

Prezident İlham Əliyev Portuqaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paula Leal da Silvanın etimadnaməsini qəbul edib.

Səfir Paula Leal da Silva fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Paula Leal da Silva etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Fövqəladə və səlahiyyətli səfir xanım Paula Leal da Silva Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Susanın, Baş nazir Antonio Kostanın ən xoş arzularını və dərin ehtiramlarını dövlətimizin başçısına çatdırdı.

O, ölkəmizə ilk dəfə səfər etdiyini, paytaxtımızın inkişafının onda çox böyük təəssürat yaratdığını vurğuladı. Xanım Paula Leal da Silva ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində çox maraqlı olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın da Portuqaliya ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi məsləhətləşmələrin aparılmasının, iqtisadi fəaliyyətin səviyyəsinin və biznes əlaqələrinin artırılmasının vacibliyini bildirdi.

Görüşdə ölkələrimiz arasında turizm sektorunda əməkdaşlıq üçün yaxşı imkanların olduğu qeyd edildi, bu sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Marselo Rebelo de Susanın və Baş nazir Antonio Kostanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Portuqaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

president.az