Martın 30-dan aprelin 9-dək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında XVII Beynəlxalq Balet Festivalı keçiriləcək. Festival martın 30-da “Paxita” üçpərdəli baletinin premyerası ilə açılacaq.
Teatrın saytına istinadla xəbər verilir ki, səhnə əsərində Andresin partiyasını gənc balet artisti Timur Əsgərov ifa edəcək.
“Paxita” baleti ilk dəfə 1846-cı ildə Parisdə nümayiş etdirilib. Mariya Teatrında premyerası keçiriləcək baletin əsasını Eduard Deldevezin musiqisi, habelə Lüdviq Minkus və Rikardo Driqonun əsərlərindən fraqmentlər təşkil edir.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
azertag.az