Gürcüstan səfirliyi M.F.Axundzadə adına muzeyə kitab və xalça hədiyyə edib
28.3.2017

Gürcüstanın ölkəmizdəki səfirliyi Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə kitab və xalçalar hədiyyə edib.

"Qazax-Borçalı bölgəsinin xalçaları" adlı kitabda Azərbaycanın müxtəlif bölgələrində toxunmuş xalça nümunələri, kilim, xurcun və digər sənət əsərləri barədə məlumat toplanıb. Kitabın müəllifi Vidadi Muradovdur.

Səfirliyin əməkdaşı Cemal Qoqedidze bildirib ki, əsas məqsəd muzeyin eksponatlarını zənginləşdirmək, Azərbaycan xalçalarını təbliğ etmək, mədəni əlaqələrimizin inkişafına dəstək verməkdir. Xalçaçı, iş adamı Telman Əhmədov isə deyib: “Bu muzey Azərbaycan mədəniyyətini fəal təbliğ edir. Muzeyin fondunu zənginləşdirməklə mədəniyyətimizin təbliğinə dəstək vermək istəyirik”.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva göstərilən diqqətə görə minnətdarlıq edib. Bildirib ki, bu cür addımlar Azərbaycan və gürcü xalqları arasında mədəni əlaqələrin inkişafına xidmət edir.

azertag.az