Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Misir Yazıçılar Birliyinin dəvəti ilə Qahirədə olub və bir sıra görüşlər keçirib.
AYB-in mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Azərbaycan ilə Misirin Yazıçılar birlikləri arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. Müqavilədə iki ölkə yazıçıları arasında ədəbi mübadilə, əsərlərin qarşılıqlı tərcüməsi və nəşri, yazıçıların hər iki ölkəyə qarşılıqlı səfərlərinin təşkili barədə məsələlər yer alıb.
Müqaviləni Misir Yazıçılar Birliyinin sədri Ala Əbdülhadi və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar imzalayıblar.
Misir Yazıçılar Birliyinin sədri Ala Əbdülhadi, birliyin idarə heyətinin baş katibi Atif Əl Cüneydi, “Radio və televiziya” jurnalının baş redaktoru Hala əl-Bədri, professor Adel Dərviş, Anarın kitabını ərəbcəyə çevirən Əbdürrəhman Xəmisi, Əl-Əzhər Universitetinin doktorantı həmyerlimiz Seymur Nəsirov və başqalarının iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Misir mədəni əlaqələrinin əhəmiyyətindən danışılıb.
Görüşdə Azərbaycan-ərəb ədəbi münasibətlərinin tarixindən söz açan Xalq Yazıçısı ölkəmizin müasir dünyaya inteqrasiyasından, son illər əldə olunan uğurlardan və Qarabağ problemindən söhbət açıb. O, Yazıçılar Birliyinin tarixi, bugünkü fəaliyyəti və təşkilata göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verib.
Sonra Anarın Qahirədə nəşr olunmuş kitabının imza mərasimi keçirilib.
azertag.az