Bakıxanov qəsəbəsində yeni konsepsiyalı ilk kompleks kitabxananın açılışı olub
28.3.2017

Martın 28-də Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialının rekonstruksiyadan sonra açılışı olub.

Yeni konsepsiyalı ilk kompleks kitabxana Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşəbbüsü ilə ərsəyə gəlib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək görülən işləri yüksək qiymətləndirib. Belə bir layihələrin dünyanın bir sıra inkişaf etmiş ölkələrində gerçəkləşməsinə toxunan nazir deyib ki, bu təcrübədən artıq ölkəmizdə də istifadə olunur.

Nazir vurğulayıb ki, gənclərimizin asudə vaxtlarının səmərəli təşkili üçün qeyd olunan yeni nəsil kitabxanada yüksək şərait yaradılıb.

Kitab evi tərzində düzənlənən kitabxananın əsas ideyası 5 minədək yeni və müasir kitablardan ibarət fondun daima yenilənməsi olacaq. Bildirilib ki, oxucuya sərbəst seçim imkanı verən məkan, həmçinin müasir kompyuterlərlə, sürətli internet və “wifi” zona ilə təmin olunmaqla yanaşı, hər bir istifadəçinin müvafiq sahədə daha geniş məlumata sahib olması məqsədi daşıyır.

Nazir diqqətə çatdırıb ki, kompleksə daxil olan Asudə Vaxt Mərkəzi isə maraqlananlara şahmat, xarici dil, rəqs və digər dərnəklərə üzv olmaq imkanı yaradacaq. Oxucular kompleksdə yerləşən müasir kafedə ətirli kofe və çay arxasında istirahət edə biləcəklər.

Ölkəmizdə sosial həyatın bütün sahələrindəki uğurlu inkişaf strategiyasından danışan Ə.Qarayev sözügedən layihənin gələcəkdə hər bir məkanda tətbiq ediləcəyini söyləyib.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və Milli Məclisin deputatı Fazil Mustafa bu tipli kitabxanaların gənclərin həyatında xüsusi əhəmiyyət kəsb edəcəyini bildiriblər. Ölkəmizdə bütün oxucuların asudə vaxtlarının daha da səmərəli təşkili üçün bu nəsildən olan pilot layihələrin davamlı olmasının önəmi qeyd olunub.

Daha sonra qonaqlar rekonstruksiya işlərindən sonra yeni konsepsiyalı ilk kompleks kitabxana ilə yaxından tanış olublar.

azertag.az