Azərbaycan əsilli aşığın “Qoşa saz” aləti Türkiyədə günbəgün məşhurlaşır
28.3.2017

Aşıq sənəti türk xalqlarını ən qədim mədəniyyət nümunələrindəndir. Digər xalqlara məxsus musiqi alətləri zaman-zaman mədəniyyətimizə daxil olsa da saz qədər doğmalaşa bilməyib. Saz hər zaman özü yerini və rolunu mətanətlə qoruyub, saxlayıb. Haqqında söhbət açmaq istədiyimiz aşıq Səlahəttin Dündar isə iki müxtəlif ölçülü sazı bir qəlibə salaraq qədim el sənətimizin qorunmasına böyük töhfələr verib. Uzun illərdən bəri çiynində daşıdığı “Qoşa saz”la onun ifasını ilk dəfə Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı TÜRKSOY-un Ankaradakı qərargahında keçirilən yubiley mərasimində dinlədim. O, “Qoşa saz”ın həyata vəsiqə qazanması və bu qədər sevilməsi ilə bağlı suallarımı belə cavablandırdı:

- Azərbaycan əsilliyəm, 1946-cı ildə Qarsın Dikmə kəndində anadan olmuşam. İkinci sinifdə oxuyanda artıq saz çalırdım. “Qoşa saz” layihəsi yeniyetmə yaşlarımdan beynimdə dolaşırdı. Nəhayət ki, bu ideyanı 1974-cü ildə gerçəkləşdirdim. Hazırda istifadə etdiyim aləti şəxsi təşəbbüsümlə Ankaradakı “Tını” saz evində usta Əli Rza Yılmaza düzəltdirdim. Onun elektronik sistemi isə “Kızılay” musiqi evinin sahibi Murtaza Çağır tərəfindən qurulub. Bu sazın texniki və elektron sistemi başqalarından tamamilə fərqlidir. Bu “Qoşa saz”ın müəllifliyi ilə bağlı şəhadətnamə də almışam.

-Bu “Qoşa saz” layihəsi hansı zərurətdən ortaya çıxdı?

- “Qoşa saz” layihəsi bir fantaziya deyil. Bu layihə tam şəkildə ehtiyacdan irəli gəlmişdir. Aşıqların məclislərdə daim qarşılaşdıqları problemlər var. Onlardan biri də iki müxtəlif ölçülü sazla işləməkdir. Müəllifi olduğum “Qoşa saz” layihəsi bu problemi əsaslı şəkildə həll edib. İki saz daşımağın çətinliyi aradan qalxıb və yeni alətlə ifa zamanı çalğı manevrləri genişlənib. Təbii ki, onun cəlbediciliyi də inkarolunmazdır.

azertag.az