Parisdə UNESCO-nun mənzil-iqamətgahında Azərbaycan, Əfqanıstan, Türkiyə, İran, Hindistan, İraq, Qazaxıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın qurum yanındakı daimi nümayəndəliklərinin təşəbbüsü ilə Novruz bayramı təntənə ilə qeyd olunub.
UNESCO baş direktorunun təhsil üzrə müavini Qyan Tana bildirib ki, əsrlərboyu müxtəlif dillərin, mədəniyyətlərin nümayəndələri Novruz bayramını qeyd edib. Novruz adət-ənənələri nəsildən-nəslə keçərək bu günə qədər qorunub saxlanılıb. Millətlərarası qarşılıqlı anlaşmanı, həmrəylik və dialoq kimi dəyərləri təşviq edən Novruz bayramı xalqları birliyə və dostluğa çağırış kimi humanitar ideyaları özündə təzahür etdirir.
Eyni zamanda, Novruz bayramının BMT Baş Məclisinin qərarı əsasında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi və hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunduğu diqqətə çatdırılıb. Novruz bayramının xalqların zəngin milli dəyərlərini, tarixi adət-ənənələrini özündə qoruyub saxladığı, Azərbaycan, Əfqanıstan, Türkiyə, İran, Hindistan, İraq, Qazaxıstan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan və bir çox digər ölkələrdə yüksək səviyyədə qeyd edildiyi vurğulanıb.
İranın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Əhməd Cəlali Novruz haqqında ətraflı məlumat verib. O, Novruzun xalqların həyatında və mədəniyyətində xüsusi yeri olduğunu diqqətə çatdırıb, bu bayramı xalqları birləşdirən dəyər kimi qiymətləndirib. Novruzun xalqlar tərəfindən ruzi və bərəkət bayramı kimi qeyd edildiyini, yazın gəlişindən, təbiətin oyanışından xəbər verdiyini bildirib.
Tədbirdə Novruz bayramının qeyd edildiyi ölkələrin incəsənət ustalarının iştirakı ilə konsert verilib. Balaca Səma ilə Ümid Azərbaycanın “Naz eləmə” rəqsini milli geyimdə ifa ediblər.
İştirakçılara Novruz bayramının qeyd edildiyi ölkələrin, o cümlədən Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub.
azertag.az