Naxçıvan Muxtar Respublikasında bütün sahələrə olduğu kimi, səhiyyə turizminin də inkişafı istiqamətində mühüm addımlar atılır. Muxtar respublikanın müalicəvi turizm sahəsində ən məşhur ünvanları ”Duzdağ” Fizioterapiya Mərkəzi və “Darıdağ” Arsenli Su Müalicəxanasıdır.
Muxtar respublikada 200-dən çox mineral və müalicəvi su mənbəyi var. Onlardan bir çoxu tərkibinə görə nadir sulardan hesab olunur. Bu yeraltı sərvətlərdən biri də “Darıdağ” arsenli mineral suyudur. Ondan hələ qədim zamanlardan sümük-oynaq, əzələ, dayaq-hərəkəti sistemi xəstəliklərində, o cümlədən duzlaşma patologiyalarında və onun müxtəlif fəsadlarında geniş istifadə edilib.
“Darıdağ” Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib. Müalicəxana ilin bütün fəsillərində gündəlik iki növbədə xidmət göstərir. Buraya yerli və xarici vətəndaşlar müalicə üçün gəlirlər.
Muxtar respublikaya gələn turistlərin üz tutduqlar məkanlardan biri də şöhrəti ilə dünyaya səs salan, möcüzəvi şəfa ocağı “Duzdağ” Fizioterapiya Mərkəzidir. “Duzdağ” yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin sağlamlığına qovuşmasında mühüm rol oynayır. Təkcə ötən il onun xidmətlərindən 6 min nəfər istifadə edib.
Muxtar respublikanın müalicəvi turizm imkanları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. Burada mövcud olan təbii şəraitdən və yaradılmış imkanlardan daha səmərəli istifadə edilməsi istiqamətində tədbirlər davam etdirilir.
azertag.az