Bu gündən etibarən Rusiya istehsalı olan bəzi avtomobillərin Azərbaycana idxalı qadağan edilib.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. A.Əliyev qeyd edib ki, hökumətin qərarına uyğun olaraq, oktyabrın 1-dən artıq bəzi avtomobillər ölkəyə buraxılmır: “Söhbət “VAZ-2107″ və “VAZ-2115″ markalı avtomobillərdən gedir”.
Komitə sədri bildirib ki, əslində bu qadağa yalnız bu gündən qüvvəyə minsə də, belə maşınlar Azərbaycana artıq bir neçə aydır ki gətirilmir: “Son 3-4 ay ərzində bu maşınların ölkəyə idxalı ümumiyyətlə olmayıb, baxmayaraq ki, qadağa bu gündən qüvvəyə minib. Bu gündən etibarən isə həmin maşınlar ümumiyyətlə ölkəyə buraxılmayacaq”.
A.Əliyev “Euro-3″ yanacaq standartına cavab verməyən və istehsal tarixi 2001-ci ilədək olan avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulması barədə məlumatlara aydınlıq gətirərək belə qərarın olmadığını bildirib: “Hələlik bununla bağlı heç bir yenilik yoxdur, qərar qəbul olunsa onu icra edəcəyik, amma oktyabrın 1-i tarixinə belə qərar yoxdur”.
ANN.Az