Azərbaycanda 2017-2018-ci tədris ili üçün magistratura və rezidenturayaya sənəd verənlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına və rezidenturaya sənəd qəbulu martın 10-dan başlamışdı və martın 17-də bitməli idi. Elektron ərizə qəbulu vaxtı ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alındığından, ərizələrin təsdiq edilməsi üçün müddət 28 mart saat 23:59-dək uzadılmışdı.
Həmin müddətdə magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizələrini təsdiq etdirən bakalavrların sayı 13073 nəfər olub. Onların 11809 nəfəri Azərbaycan bölməsi, 1264 nəfəri rus bölməsi üzrə sənəd verib.
Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizələrini təsdiq etdirən namizədlərin sayı 1075 nəfər olub. Onların 923 nəfəri Azərbaycan, 152 nəfəri rus bölməsi üzrə sənəd verib.
Magistraturaya qəbulun birinci mərhələsi aprelin 9-da keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50 (o cümlədən, açıq formalı 5), informatika üzrə 25 (o cümlə¬dən, açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunacaq.
İmtahanın ikinci mərhələsi iyunun 4-də keçiriləcək. Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının 9 aprel tarixində keçiriləcək birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.
Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər.
Rezidenturaya qəbulun I mərhələsi (baza fənləri) üzrə imtahan aprelin 9-da, 2-ci mərhələsi (ixtisas fənləri) üzrə iyulun 7-də keçiriləcək.
trend.az