Dünəndən bəzi Rusiya avtomobillərinin Azərbaycana idxalına qadağa qoyulub
2.10.2012

Dünəndən etibarən Rusiya istehsalı olan bəzi avtomobillərin Azərbaycana idxalı qadağan edilib.

Bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

A.Əliyev qeyd edib ki, hökumətin qərarına uyğun olaraq, oktyabrın 1-dən artıq bəzi avtomobillər ölkəyə buraxılmır: «Söhbət «VAZ-2107» və «VAZ-2115» markalı avtomobillərdən gedir».

Komitə sədri bildirib ki, əslində bu qadağa yalnız bu gündən qüvvəyə minsə də, belə maşınlar Azərbaycana artıq bir neçə aydır ki gətirilmir: «Son 3-4 ay ərzində bu maşınların ölkəyə idxalı ümumiyyətlə olmayıb, baxmayaraq ki, qadağa bu gündən qüvvəyə minib. Bu gündən etibarən isə həmin maşınlar ümumiyyətlə ölkəyə buraxılmayacaq».

A.Əliyev «Euro-3» yanacaq standartına cavab verməyən və istehsal tarixi 2001-ci ilədək olan avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulması barədə məlumatlara aydınlıq gətirərək belə qərarın olmadığını bildirib: «Hələlik bununla bağlı heç bir yenilik yoxdur, qərar qəbul olunsa onu icra edəcəyik, amma oktyabrın 1-i tarixinə belə qərar yoxdur».

APA